NEW


 Koreyanın Daejon şəhərində SolBridge International School of Business tərəfindən keçirilən “Beynəlxalq Biznes Planı Yarışı (IBPC)”nda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ölkəmizi ADA Universiteti və Xəzər Universiteti tələbələri təmsil ediblər.

IBPC (International Business Plan Competition) Cənubi Koreyanın texnologiya və innovasiya mərkəzi hesab olunan, “Silikon Vadisi” kimi tanınan Daejon şəhərində keçirilən nüfuzlu beynəlxalq yarışdır. Müsabiqə tələbələr üçün unikal platforma yaradaraq onların kreativ və analitik düşüncə, innovativ yanaşma və problem həll etmə bacarıqlarının inkişafını təşviq edir.

Ümumilikdə 26 komandanın iştirak etdiyi yarışın final mərhələsində münsiflərin qərarına əsasən ADA Universitetinin tələbələrindən ibarət komanda ikinci yerə layiq görülüb.

TƏLƏBƏLƏR BEYNƏLXALQ MÜSABİQƏDƏ ÖLKƏMİZİ TƏMSİL EDİBLƏR

Ətraflı


 Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında universitet tələbələri ilə “Qələbənin digər üzü- şəhid ailələri” adlı konfrans-görüş baş tutub


“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun 2025-ci il üzrə elan etdiyi qrant müsabiqəsinin qalibi olan sosial işçi və layihə rəhbəri Günel Baxışova Fondun maliyyə dəstəyi ilə “Qələbənin digər üzü – Şəhid ailələri” adlı layihəni icra edir. Layihənin əsas məqsədi şəhid ailələri ilə bağlı ictimai şüurun formalaşdırılması, gənclər arasında vətəndaş məsuliyyətinin və sosial empatiyanın gücləndirilməsi, eləcə də şəhid ailələrinə münasibətdə etik və sosial davranış modellərinin təşviq edilməsidir.


QHT.az xəbər verir ki, 17 fevral 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında konfrans-görüş keçirilmişdir. Konfrans-görüşdə layihə rəhbəri Günel Baxışova çıxış edərək, bir dəqiqəlik sükutla şəhidlərin əziz xatirəsini yad etmiş, eyni zamanda layihənin məqsədi, mövzunun aktuallığı və cəmiyyət üçün əhəmiyyəti barədə ətraflı məlumat vermişdir.


 Konfrans-görüşdə universitetin əsasən sosial iş ixtisası üzrə təhsil alan tələbələri və şəhid ailə üzvləri - ümumilikdə 26 nəfər gənc iştirak etmişdir.


Konfrans-görüşün əsas sessiyasında ekspert Nuriyyə Abbasova tərəfindən “Şəhid ailələrinin hüquqları” və “Şəhid ailələrinə göstərilən sosial xidmətlər” kimi mövzular ətrafında müzakirələr aparılmışdır. Növbəti sessiyada isə layihə koordinatoru, ixtisasca psixoloq Məhəbbət Əmralızadə tələbələrlə “Şəhid ailələri ilə düzgün davranış qaydaları” mövzusunda interaktiv müzakirə aparmış və peşəkar davranış modelləri barədə geniş məlumat vermişdir.


Konfrans-görüşdə iştirak edən tələbələr bu tip görüşlərin onlar üçün çox faydalı olduğunu, tez-tez keçirilməsinin tərəfdarı olduqlarını bildirmiş və layihə rəhbəri Günel Baxışovaya öz təşəkkürlərini bildirmişlər. Sonda layihə rəhbəri Günel Baxışova iştirakçı tələbələrə sertifikatlar təqdim etmiş və tədbiri rəsmi olaraq bağlı elan etmişdir.

Gənclər Fondunun maliyyə dəstəyi “Qələbənin digər üzü- şəhid ailələri” adlı konfrans-görüş baş tutub

Ətraflı

 


  Azərbaycan Respublikasının Gənclər Fondu vǝ

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, "Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının birgə təşkilatçılığı ilə Youth Cyber Forum keçiriləcək.

17 25 fevral

15:00

Bakı Konqres Mərkəzi

Qeydiyyat linki : https://linktr.ee/youthfund.az

Qeyd:

1. İştirak ödənişsizdir

2. Seçilən gənclərin hər biri ilə əlaqə saxlanılacaqdır.

3. İştirak hüququ limitlidir.


Gənclər kibertəhlükəsizlik sahəsində bilik, təcrübə və innovativ düşüncə ilə bir araya gələcək!

Ətraflı


 Qırğızıstanın Yusif Balasaqunlu adına Qırğız Milli Universitetinin rektoru Dogdurbek Çontoyevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət iqtisad Universitetində (UNEC) olub.


UNEC-dən GƏNC.NEWS-a bildirilib ki, rektor Ədalət Muradovla keçirilən görüşdə iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə olunub. Qeyd edilib ki, ötən ilin sonunda UNEC nümayəndə heyəti Qırğızıstanda səfərdə olaraq Qırğız Milli Universitetində danışıqlar aparıb. Həmin səfər zamanı əldə olunan razılaşmaların davamı olaraq Bakıda keçirilən görüşdə konkret əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.


Professor Ədalət Muradov UNEC-in təhsil imkanları, rəqəmsal idarəetmə sistemi, beynəlxalq əlaqələri, ikili diplom və mübadilə proqramları, eləcə də universitetin beynəlxalq reytinqlərdəki mövqeyi barədə məlumat verib.


Dogdurbek Çontoyev isə rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti haqqında danışaraq, təhsil, elm və tədqiqat sahələrində birgə fəaliyyət perspektivlərinə toxunub.


Müzakirələrin nəticəsi olaraq UNEC və Qırğız Milli Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumda tələbə və müəllim mübadiləsi, birgə konfransların təşkili, elmi-tədqiqat layihələrinin hazırlanması və beynəlxalq sertifikat proqramlarının həyata keçirilməsi nəzərdə tutulub.


Görüşdə, həmçinin iki universitet arasında magistratura pilləsi üzrə maliyyə və menecment ixtisaslarını əhatə edən ikili diplom proqramına dair müqavilə imzalanıb.


Razılaşmaya əsasən, tələbələr təhsillərinin bir ilini tərəfdaş universitetdə davam etdirəcək və proqramı uğurla başa vurduqdan sonra hər iki ali təhsil müəssisəsinin diplomunu əldə edəcəklər.


İmzalanma mərasimindən sonra qonaqlar üçün UNEC-də infotur təşkil olunub. Nümayəndə heyəti universitetin müxtəlif struktur bölmələri ilə tanış olub.


Sonra Qırğız Milli Universitetinin rektoru Dogdurbek Çontoyev UNEC tələbələri ilə görüşərək dayanıqlı inkişaf mövzusunda mühazirə ilə çıxış edib.

UNEC və Qırğız Milli Universiteti arasında magistratura üzrə ikili diplom proqramı icra olunacaq

Ətraflı


 İnnovasiya lideri “Bakcell” və “Peerstack Academy” gənclərin innovasiya və rəqəmsal bacarıqlar sahəsində inkişafını dəstəkləyən “The Tech Builders” layihəsinə start verib.


Layihə çərçivəsində “Peerstack Academy”də tələbələrlə görüş keçirilib. Tədbirdə “Bakcell”in İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova çıxış edərək tərəfdaşlığın məqsədləri və gənclər üçün yaratdığı imkanlardan bəhs edib.


“Bakcell” olaraq innovasiya və rəqəmsal bacarıqlar sahəsində gənc istedadların inkişafını strateji prioritetlərimizdən biri hesab edirik. “Peerstack Academy” ilə tərəfdaşlıq çərçivəsində həyata keçirdiyimiz “The Tech Builders” layihəsi gənclərə real sənaye bilikləri və praktiki bacarıqlar qazandıraraq onların İT sahəsində karyera qurmasına dəstək olur. Bu təşəbbüs vasitəsilə ölkədə rəqəmsal bacarıqların və peşəkar potensialın güclənməsinə töhfə verməyi hədəfləyirik”, – deyə Aysel Süleymanova bildirib.


Tələbələrlə görüşdə “Bakcell” əməkdaşları şirkətdə tətbiq olunan innovativ məhsullar, rəqəmsal transformasiya istiqamətləri, süni intellekt həllərinin tətbiqi və qlobal trendlər haqqında təqdimatlarla çıxış ediblər. Azərbaycan Texniki Universiteti və “Peerstack Academy” tələbələrinin iştirak etdiyi tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb, inkişaf imkanları müzakirə olunub.


“Bakcell”in tərəfdaşlığı ilə həyata keçirilən layihə nəticəsində “Peerstack Academy”də təhsil alan tələbələrin sayı artır. Hazırda akademiyada 100-dən çox aktiv tələbə təhsil alır və ilk il üçün 250 tələbənin təqaüd proqramına cəlb olunması planlaşdırılır. Təlim müddətində iştirakçılar “Ruby”, “JavaScript”, “React”, “PostgreSQL” və “REST API” kimi müasir texnologiyalar üzrə praktiki bacarıqlar qazanır, real layihələr üzərində işləyərək portfoliolarını formalaşdırırlar.


“Peerstack Academy”nin tələbəsi olmaq istəyənlər linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.


“Bakcell” haqqında


“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan “Bakcell” süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.


“Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

“Bakcell” və “Peerstack Academy” “The Tech Builders” layihəsinə start verib

Ətraflı



 Biz "Diyar" layihəsi ilə təhsili interaktivləşdirməyi hədəfləmişik. Yaratdığımız oyun motoru vasitəsilə ona yaxın modul hazırlamışıq. Belə ki, bu oyun motoru vasitəsilə orta məktəbdə təhsil alan şagirdlər xəritələri daha yaxşı mənimsəyə bilərlər. Onlar xəritədə regionları və onların yerləşməsini, marşrutları, bölgələr haqqında məlumatları platforma vasitəsilə əldə edə bilərlər. Beləliklə, biz şagirdləri sinifdəki passiv dinləyici statusundan çıxarıb, onları prosesin aktiv iştirakçısına çevirməyi hədəfləyirik. Hazırda layihəmiz diyar.com.az saytında aktivdir və istifadəçilər platformadan yararlana bilərlər.


Bunu GƏNC.NEWS-a açıqlamasında IV “TUSİ” inkubasiya proqramının iştirakçısı, Bakı Ali Neft Məktəbinin məzunu və “Diyar” layihəsinin müəllifi Elçin Bayramlı deyib.


O, layihənin ilkin model olaraq işlək olduğunu, lakin tam istifadəyə verilmədiyini qeyd edib: “Mənim məktəb illərindən etibarən coğrafiya fənninə xüsusi marağım var. İnternetdə interaktiv xəritə oyunlarını oynayarkən gördüm ki, Azərbaycan üzrə belə bir oyun platforması yoxdur. İlk olaraq, Azərbaycan xəritəsi üzərində bir oyun qurmağa çalışdıq və layihə bu səviyyəyə gəlib çatdı. Hazırda 10-a yaxın oyun modulumuz aktivdir”, - deyə gənc proqramçı qeyd edib.


Xatırladaq ki, bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən icra olunan “Gələcək üçün bacarıqlar” layihəsinin IV “TUSİ” inkubasiya proqramının “Demo Day” tədbiri təşkil edilib. Məqsəd innovasiya sahəsində kadr potensialının gücləndirilməsi, təhsildə innovativ fəaliyyətin təşviqidir. Eyni zamanda, tələbələrin innovativ ideyalarının inkişafına şərait yaradılması və onların ixtiraçılıq, startap fəaliyyətinə istiqamətləndirilməsi əsas prioritetlərdəndir.

Gənc startapçı: Biz təhsili interaktivləşdirməyi hədəfləmişik

Ətraflı


 Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetində “Le Corbi” şirkətinin, Memarlıq və Dizayn fakültələrinin birgə təşkilatçılığı ilə təlim təşkil olunub.



AzMİU-dan GƏNC.NEWS-a bildirilib ki, təlimdə Memarlıq və Dizayn fakültələrinin memarlıq, dizayn, qrafik və media dizaynı ixtisasları üzrə təhsil alan tələbələri iştirak ediblər. Tədbir çərçivəsində şəhər mühitinin formalaşdırılması, davamlı şəhər inkişafı, müasir urbanistika yanaşmaları və dizayn həlləri ətrafında geniş müzakirələr aparılıb. Tələbələr nəzəri biliklərini praktik yanaşmalarla birləşdirərək öz ideya və konseptlərini təqdim edib, beynəlxalq şəhərsalma gündəliyində yer alan aktual mövzular üzrə fikir mübadiləsi aparıblar.


Tədbir gənc memar və dizaynerlərin yaradıcı potensialının üzə çıxarılması, peşəkar düşüncə tərzinin formalaşdırılması, həmçinin tələbələrin beynəlxalq miqyaslı şəhərsalma proseslərinə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyıb.


Qeyd edək ki, bu kimi təşəbbüslər AzMİU-da müasir memarlıq və dizayn təhsilinin beynəlxalq şəhərsalma gündəliyi ilə əlaqələndirilməsi, tələbələrin qlobal proseslərə fəal şəkildə cəlb olunması və WUF13 kimi nüfuzlu platformalara hazırlıq baxımından mühüm rol oynayır.

AzMİU-da WUF13 çərçivəsində tələbələr üçün beynəlxalq tematik təlim keçirilib

Ətraflı


  Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Samuel Bekketin “Qodo həsrətində” pyesi əsasında hazırlanan eyniadlı tamaşasının oxunuş məşqlərinə başlanılıb.


 Bu barədə GƏNC.NEWS-a teatrın mətbuat xidmətindən məlumat verilib.


 Tamaşanın quruluşçu rejissoru Şövqi Hüseynov, səhnə tərtibatı Zaur Abasov, səs rejissoru Zaur Rəşidov, işıq üzrə rəssam Vadim Kuskov, rejissor assistenti Nəsibə Canəliyevadır.


 Səhnə əsərində Əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev, Elnur Bəhramxan, aktyorlar Kərəm Hadızadə, Nurlan Süleymanlı, Hüseyn Bayramov, Lalə Qarayeva iştirak edirlər.


 “Qodo həsrətində”nin əsas obrazları Vladimir və Estraqon bütün problemlərini həll edəcək Qodonu gözləyirlər. Onlar tənha və çarəsizdirlər. Bu acınacaqlı həyatın uzun müddət davam etmə ehtimalı, qorxu və ümidsizlik onları dəfələrlə təhlükəli addımlar atmağa sövq edir.


Qodonu gözləmək Tanrıya inamın bir formasıdır, həyatın xaosunda bir növ sığınacaq tapmaq cəhdidir.

Milli Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın oxunuş məşqləri başlayıb

Ətraflı


  Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunda Arxeoloji Dərnəyin təqdimat iclası keçirilib.



Bu barədə GƏNC.NEWS-a institutdan bildirilib. Tədbirdə Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev gənclərin elmi təşəbbüslərinə dəstəyin aktuallığından söz açıb. O, institut rəhbərliyinin Azərbaycan arxeologiyası və antropologiyası istiqamətində gənclərin bütün rasional novator ideyalarının reallaşmasında öz köməyini əsirgəməyəcəyini qeyd edib.




İclas çərçivəsində Arxeoloji Dərnəyin yaradılma məqsədi, struktur quruluşu və fəaliyyət istiqamətləri barədə məlumat verilib. Bildirilib ki, dərnək arxeoloji irsin elmi əsaslarla təbliği, ictimai maarifləndirmə işinin gücləndirilməsi və gənclərin arxeologiya sahəsinə cəlb edilməsi istiqamətində fəaliyyət göstərəcək.




Tədbirdə dərnəyin sədri Könül İbrahimlinin və katibi Nəzrin Quliyevanın gələcək fəaliyyət və layihələrlə bağlı məruzələri dinlənilib, eləcə də dərnək üzvlərinin arxeologiya və maddi-mədəni irsin təbliği və qorunması ilə bağlı layihə ideyaları və konseptual təqdimatları nümayiş olunub. Bunların sırasında Aysel Həsənovanın “Arxeoloji abidələrin monitorinq platforması”, Mətanət Teymurlunun “Keçmişin sədası”, Saləddin Qoçuzadənin “Qarabağ irsi 360” təqdimatları böyük maraqla qarşılanıb. Qeyd olunan konsepsiyalar və layihələr ətrafında institutun direktorunun yaxından iştirakı ilə müzakirələr aparılıb, yeni layihə təklifləri səsləndirilib və onların icrası üzrə ilkin qərarlar qəbul olunub. Layihələr ətrafında çıxış edən tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov elmi-populyar müstəvidə Azərbaycanın arxeoloji abidələr xəritəsinin yaradılmasının əhəmiyyətini qeyd edib. İştirakçılar dərnəyin fəaliyyətinin sistemli və mərhələli şəkildə təşkilinin vacibliyini vurğulayıblar.


Fərhad Quliyev təqdim olunmuş layihələr barədə fikir və tövsiyələrini bildirib.

Gənc arxeoloqların yeni platforması: Arxeoloji Dərnək fəaliyyətə başlayır

Ətraflı


 Ölkənin ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq səviyyəli intensiv təhsil proqramı olan "IT SkillSprint"in açılış mərasimi keçirilib. Layihə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və "Ironhack" tədris şirkətinin tərəfdaşlığı ilə həyata keçirilir.

Tədbirdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədri Ülkər Səttarova və "Ironhack" şirkətinin direktoru Gonzalo Manrique Sabatel çıxış ediblər. Çıxışlarda bildirilib ki, proqramın əsas məqsədi tələbələrin müasir texnologiyalar üzrə bilik və praktiki bacarıqlarını gücləndirmək, onları qlobal əmək bazarına hazırlamaq və universitet–sənaye əməkdaşlığını inkişaf etdirməkdir. Eyni zamanda, layihə çərçivəsində Azərbaycan universitetlərində qlobal İT təhsil standartlarının tətbiqi hədələnir. 

Proqrama müxtəlif ali təhsil müəssisələrinin 3-cü kursunun II yarımilində təhsil alan, universitetə 400 və daha yüksək balla qəbul olunmuş 123 tələbə seçilib. İştirakçıların seçim prosesi qeydiyyat, baza biliklərini qiymətləndirən test imtahanı və müsahibə mərhələlərindən ibarət olub.

Proqram data analitikası və süni intellekt, kibertəhlükəsizlik, veb proqramlaşdırma və DevOps istiqamətlərini əhatə edir. Tədris hibrid təhsilalma formasında təşkil olunacaq. Proqramın müxtəlif mərhələlərində beynəlxalq mentorlar Bakıda intensiv dərslər keçəcəklər. "Bootcamp" modelində nəzərdə tutulan tədris prosesi tələbələrə real layihələr üzərində işləmək və peşəkar portfel formalaşdırmaq imkanı yaradacaq.


Bununla yanaşı, proqram çərçivəsində tələbələr üçün hakatonlar, karyera sərgiləri və şəbəkələşmə tədbirləri kimi əlavə inkişaf imkanları da təşkil olunacaq. Tədrisi uğurla başa vuran iştirakçılar beynəlxalq səviyyədə tanınan "Ironhack" şirkəti tərəfindən sertifikat əldə edəcəklər.


Proqram 2026-cı ilin fevral–iyul aylarını əhatə etməklə ümumilikdə 6 ay davam edəcək. Bu müddət tələbələrin ali təhsil müəssisələrindəki bakalavr təhsilinin bir hissəsi hesab olunacaq və iştirakçıların müvəffəqiyyət göstəriciləri (akademik kreditləri) universitetlər tərəfindən tanınacaq. Beləliklə, tələbələr digər fənlərdən azad olunaraq yalnız bu tədris proqramına fokuslana biləcəklər.


Qlobal texnologiya tədris şirkəti olan "Ironhack" 2013-cü ildən etibarən tələbələrə beynəlxalq İT sahəsində praktik bacarıqlar qazandırır. Bu günədək 25 000-dən çox mütəxəssis yetişdirən şirkətin məzunlarının 75%-i proqramı bitirdikdən sonra işlə təmin olunub. Hazırda həmin məzunlar 800-dən çox qlobal şirkətdə fəaliyyət göstərirlər.

Ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilib

Ətraflı

Xəbər portalı © Milli xəbər | Bütün hüquqlar qorunur! By Blogger Templates
Scroll To Top