“Qəhrəmanlar Yaddaşımızda” layihəsinin açılış mərasimi keçirilib


 Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə, 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində qalib olmuş “Qəhrəmanlar Yaddaşımızda” layihəsinin açılış mərasimi keçirilib.


Layihə gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsi, Azərbaycanın Milli Qəhrəmanlarının həyat və qəhrəmanlıq yolunun öyrənilməsi və təbliği məqsədilə həyata keçirilir. Açılış mərasimində layihənin məqsədi, vəzifələri və icra mexanizmi barədə iştirakçılara ətraflı məlumat verilib.


Tədbirdə qeyd olunub ki, “Qəhrəmanlar Yaddaşımızda” layihəsi gənclərin Milli Qəhrəmanlarımızın həyat yolu, göstərdikləri şücaət və vətənə xidmətləri haqqında biliklərinin artırılmasını, eyni zamanda onların təqdimat, ictimai çıxış və özünüifadə bacarıqlarının inkişaf etdirilməsini hədəfləyir.


Layihə çərçivəsində ilkin mərhələdə iştirakçılar üçün təqdimat bacarıqları üzrə praktiki təlimlər təşkil olunub. Təlimlər zamanı gənclərə səhnə mədəniyyəti, düzgün və səlis çıxış texnikası, məlumatın strukturlaşdırılması, auditoriya ilə effektiv ünsiyyət və inandırıcı təqdimat bacarıqları aşılanıb.

Növbəti mərhələdə iştirakçılar Azərbaycanın Milli Qəhrəmanlarından birini seçərək onun həyat yolu, göstərdiyi qəhrəmanlıq nümunələri və vətənə xidmətləri barədə araşdırmalar aparacaqlar. Daha sonra hər bir iştirakçı 5–7 dəqiqəlik təqdimatla münsiflər heyəti və auditoriya qarşısında çıxış edəcək. Təqdimatlar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və ən yaxşı 3 təqdimat müəyyən ediləcək.


“Qəhrəmanlar Yaddaşımızda” layihəsi gənclərin tarixi yaddaşının möhkəmləndirilməsinə, milli-mənəvi dəyərlərin təbliğinə, vətənpərvərlik ruhunun gücləndirilməsinə və onların ictimai fəallığının artırılmasına xidmət edir.

Xəbər portalı © Milli xəbər | Bütün hüquqlar qorunur! By Blogger Templates
Scroll To Top