D-8 GƏNCLƏR DİALOQU ÇƏRÇİVƏSİNDƏ PANEL MÜZAKİRƏLƏRİ TƏŞKİL OLUNUB
Dekabrın 6-da D-8 Gənclər Dialoqu çərçivəsində dayanıqlı və ağıllı şəhərlərin inkişafında gənclərin rolu, onların təşəbbüslərinin dəstəklənməsi, kadr potensialının gücləndirilməsi və regional əməkdaşlığın genişləndirilməsi kimi mövzular ətrafında panel müzakirələri təşkil olunub. Tədbir zamanı D-8 ölkələrinin nümayəndələri tərəfindən “Davamlı şəhər inkişafı - Gənclər və şəhərlərin gələcəyi” mövzusunda milli strategiyalar təqdim edilib. Günün növbəti müzakirəsində ağıllı və inklüziv şəhərlər konsepsiyası, rəqəmsal texnologiyalara çıxış imkanları, innovativ həllərin tətbiqi və işğaldan azad olunmuş ərazilərdə ağıllı şəhər modelinin formalaşdırılması üzrə təcrübələr bölüşülüb. Günün sonunda keçirilən “Hekayələrin gücü: Sənin yeni şəhər gündəliyin” adlı interaktiv sessiyada isə gənclər şəhərlərin gələcək inkişafı ilə bağlı öz baxış və ideyalarını təqdim ediblər. Sessiyalarda Azərbaycan, Misir, Türkiyə, İran, Malayziya, İndoneziya, Banqladeş və Pakistanın nümayəndələri çıxış edərək gənclərin təhsil, məşğulluq, sosial inklüzivlik və şəhərsalma siyasətinə töhfələri barədə fikir mübadiləsi aparıblar.
