“GÜCLÜ DÖVLƏTİN TƏMƏLİ – AZƏRBAYCAN GƏNCLİYİ” FORUMU KEÇİRİLİB
Bakı Dövlət Universiteti (BDU) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş Ümummilli Lider Heydər Əliyevin gənclər siyasəti və Prezident İlham Əliyevin gələcəyə strateji baxışı kontekstində “Güclü dövlətin təməli - Azərbaycan gəncliyi” adlı forumun açılış mərasimi keçirilib. Açılışdan əvvəl gənclər və könüllü təşkilatlarının, Gənclər Evlərinin təcrübə və könüllülük proqramlarının sərgisinə baxış olub. BDU-da təşkil olunan açılışda əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra dövlət gənclər siyasətinə dair videoçarx nümayiş olunub. Açılış mərasimində BDU-nun rektoru Elçin Babayev, gənclər və idman naziri Fərid Qayıbov, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev, Prezident mükafatçısı, BDU məzunu Günay İmanzadə və Prezident təqaüdçüsü, BDU-nun 2025/2026-cı tədris ili üzrə ən yüksək balla qəbul olunmuş tələbəsi Çiçək Hümmətli çıxış ediblər. Həmçinin “İlin gənc alimi” müsabiqəsinin nəticələri elan olunub və qaliblər təltif ediliblər. Universitetin ictimai həyatında fəal iştirak edən bir sıra tələbələrə, gənclər təşkilatlarının üzvlərinə təşəkkürnamələr təqdim edilib. Tədbir BDU tələbələrinin Gənclər Günü münasibətilə hazırladığı bədii proqramla davam edib. Tədbir “Dövlətçilik, təhsil və elm: Azərbaycan gəncliyinin strateji missiyası” mövzusunda panel müzakirə ilə başa çatıb.
.jpg)