“YENİ ÜFÜQ” LAYİHƏSİNİN RƏSMİ AÇILIŞI VƏ MARAQLI TƏRƏFLƏRİN İŞTİRAKI FORUMU KEÇİRİLİB

 

Bakıda valideyn himayəsindən məhrum gənclərin məşğulluq imkanlarının genişləndirilməsinə və bərabər inkişaf hüquqlarının təmin olunmasına yönəlmiş “Yeni Üfüq” layihəsinin rəsmi açılış mərasimi və Maraqlı Tərəflərin İştirakı Forumu keçirilib. “Hilton Bakı” hotelində keçirilən tədbirdə dövlət qurumları, özəl sektor, qeyri-hökumət təşkilatların nümayəndələri və layihə tərəfdaşları iştirak ediblər. Açılış mərasimində çıxış edən "SOCAR Midstream Gas Operations" şirkətinin İcraçı Direktoru Polad Rüstəmov layihə haqqında məlumat verib. "SOCAR Midstream Gas Operations" (SOCAR MGO) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) tərəfdaşlarının dəstəyi ilə "HBN Group" MMC tərəfindən icra edilən sosial layihənin məqsədi həssas qrupa aid 15-18 yaş arası 80 gəncin peşə bacarıqlarının artırılmasını və əmək bazarına çıxışına kömək etməkdir. 10 ay davam edəcək layihə çərçivəsində iştirakçılara ofis meneceri, satış və kassir, aşpaz və qrafik dizayner ixtisasları üzrə peşə təhsili, praktiki məşğulluq imkanları və psixososial dəstək veriləcək. Tədbirdə gənclər və idman nazirinin müavini İndira Hacıyeva, millət vəkilləri, Dövlət Məşğulluq Agentliyi, Sosial Xidmətlər Agentliyi, KOBİA, Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA), uşaq evləri və internat məktəblərinin rəhbərləri iştirak ediblər.

Xəbər portalı © Milli xəbər | Bütün hüquqlar qorunur! By Blogger Templates
Scroll To Top