Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən “Heydər Əliyev İrsi: Hüquqi Dəyərlər” layihəsinin birinci günü uğurla keçirilib.
Layihə çərçivəsində ilk tədbir 19 -20 dekabr tarixində ADPU-nun Şəki filialında baş tutub. Tədbirin açılış mərasimində layihə rəhbəri Sahibə İbrahimova çıxış edərək layihənin məqsədi, əsas hədəfləri və gənclər üçün əhəmiyyəti barədə ətraflı məlumat verib. O bildirib ki, layihə Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinin, hüquqi dəyərlərinin və milli ideologiyasının gənclər arasında daha dərindən təbliğini hədəfləyir.
Daha sonra Odlar Yurdu Gənclər İctimai Birliyinin sədri Önül Bayramova və ADPU Şəki filialının rektor müavini Nuralı Çələbiyev çıxış edərək Azərbaycan xalqının qəhrəmanlıq tarixi, milli-mənəvi dəyərləri və gənclərin bu dəyərlərin qorunmasındakı rolu haqqında fikirlərini bölüşüblər.
Tədbirin növbəti hissəsində mövzu üzrə peşəkar təlimçi tərəfindən qəhrəmanlıq anlayışı ilə bağlı interaktiv sessiya təşkil olunub. Müzakirə zamanı iştirakçı gənclər aktivlik göstərərək öz baxış bucaqlarını səsləndirib, mövzu ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, “Heydər Əliyev İrsi: Hüquqi Dəyərlər” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
