Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə, 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində reallaşdırılan “Heydər Əliyev İrsi: Hüquqi Dəyərlər” layihəsi 19–20 dekabr tarixlərində Şəki şəhərində uğurla təşkil olunub.
Layihə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında keçirilib və iki gün ərzində 30 gəncin iştirakı ilə baş tutub. Tədbirin əsas məqsədi gənclərin hüquqi biliklərinin artırılması, Konstitusiyaya və hüquqi dəyərlərə marağın gücləndirilməsi, eyni zamanda Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin və konstitusiya quruculuğunun formalaşmasındakı əvəzsiz xidmətlərinin gənclərə daha yaxından tanıdılması olub.
Layihənin birinci günündə Ümummilli Lider Heydər Əliyevin Konstitusiyanın hazırlanması və qəbul edilməsindəki tarixi rolu müzakirə edilib, bu sahədə həyata keçirdiyi strateji islahatlar barədə geniş məlumat verilib. İkinci gün isə Konstitusiya mövzusunda interaktiv təlim sessiyası təşkil olunub, gənclərin mövzuya dair bilik və bacarıqları praktiki fəaliyyətlər vasitəsilə inkişaf etdirilib.
Təlimin sonunda iştirakçılar əldə etdikləri bilikləri “Konstitusiya biliciləri” adlı intellektual oyun çərçivəsində sınağa çəkiblər. Oyun gənclər tərəfindən böyük maraqla qarşılanıb və yüksək fəallıq müşahidə olunub.
Layihənin yekununda bütün iştirakçılara sertifikatlar təqdim edilib, fəallığı ilə seçilən gənclər isə təşəkkürnamələrlə təltif olunublar. Tədbir xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.
Qeyd edək ki, hüquqi düşüncəyə malik, vətənpərvər və maarifli gəncliyin formalaşmasına xidmət edən bu kimi layihələr ölkənin gələcək inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
