Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə, 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi qrant müsabiqəsində qalib olmuş “Qələbəyə Aparan Liderlik” – Gənclər üçün Liderlik Proqramı layihəsi 28–30 dekabr 2025-ci il tarixlərində Göyçay və Ağdaş rayonlarında həyata keçirilib.
Layihənin rəsmi açılış mərasimi 28 dekabr 2025-ci il tarixində Göyçay rayonunda baş tutub. Layihə çərçivəsində təlim və tədbirlər 28–29 dekabr tarixlərində Göyçay rayonunda, 30 dekabr tarixində isə Ağdaş rayonunda təşkil olunub. Hər iki region üzrə keçirilən sessiyalarda hər rayondan 20 nəfər olmaqla ümumilikdə 40 nəfər region gənci iştirak edib.
Tədbirlər zamanı iştirakçılara Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə nümayiş etdirdiyi liderlik nümunəsi əsasında liderlik bacarıqları, strateji düşüncə və ictimai təşəbbüskarlıq mövzularında praktiki biliklər təqdim olunub. Təlimlər interaktiv formatda həyata keçirilib, gənclər qrup işləri və müzakirələr vasitəsilə əldə etdikləri bilikləri tətbiq etmək imkanı qazanıblar.
Layihə çərçivəsində eyni zamanda Vətən müharibəsi iştirakçıları ilə görüşlər təşkil olunub, bu görüşlər gənclərin vətənpərvərlik ruhunun gücləndirilməsi və liderlik anlayışının real həyat nümunələri üzərindən mənimsənilməsinə töhfə verib.
“Qələbəyə Aparan Liderlik” layihəsi region gəncləri arasında liderlik potensialının üzə çıxarılmasına, onların ictimai fəallığının artırılmasına və gələcəkdə cəmiyyətin inkişafında daha aktiv rol almalarına dəstək olmağı qarşıya məqsəd qoyur.
Layihənin növbəti mərhələlərində əldə olunan nəticələrin davamlılığının təmin edilməsi məqsədilə təlim iştirakçılarından ibarət təşəbbüs qruplarının formalaşdırılması və oxşar fəaliyyətlərin digər regionlarda da keçirilməsi nəzərdə tutulur.
