“AZƏRBAYCAN KÖNÜLLÜLƏRİNİN HƏMRƏYLİK DÜŞƏRGƏSİ”
Quba Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, “ASAN xidmət”, “ICESCO”nun Bakı Regional Ofisi və “Coca-Cola Azərbaycan” şirkətinin tərəfdaşlığı ilə “Azərbaycan Könüllülük Həftəsi 2025” çərçivəsində “Azərbaycan Könüllülərinin Həmrəylik Düşərgəsi” keçirilib. Düşərgədə 2025-ci il üzrə “İlin Könüllü”ləri və “Fəal Könüllü”lər, eləcə də Azərbaycan, Türkiyə və Mərkəzi Asiya ölkələrindən olan könüllülər iştirak ediblər. Proqram çərçivəsində könüllü gənclər üçün müxtəlif mövzularda təlimlər, interaktiv sessiyalar və praktiki fəaliyyətlər təşkil olunub. Dörd gün davam edən düşərgədə iştirakçılar “İdeaton” fəaliyyəti çərçivəsində komanda şəklində beyin fırtınası sessiyalarında iştirak edərək aparıcı könüllü təşkilatlarının rəhbərləri ilə layihə ideyalarını müzakirə ediblər. Eyni zamanda, iştirakçılar üçün müxtəlif komanda oyunları, “Suveren” intellektual yarışı, gil və kətan tablo üzərində ustad dərsləri keçirilib. Bununla yanaşı, düşərgə çərçivəsində Beynəlxalq Könüllülər Mərkəzinə üzv ölkələrin iştirakı ilə “Təcrübə Sərgisi” təşkil olunub. İştirakçılar həmin ölkələrin könüllülük və gənclər təşkilatları barədə məlumat verərək, mədəniyyətlərarası dialoqun və dostluğun inkişafına töhfə veriblər.
