“Qanunla ucalan dövlət” layihəsi uğurla başa çatdırılıb


 28–29 dekabr tarixlərində Şəmkir rayonunda gənclər üçün nəzərdə tutulmuş “Qanunla ucalan dövlət” layihəsi uğurla həyata keçirilib. Layihə gənclər arasında Konstitusiya biliklərinin artırılması, hüquqi düşüncənin formalaşdırılması və fəal vətəndaş mövqeyinin gücləndirilməsi məqsədi daşıyıb.

 Layihənin ilk günü açılış mərasimi ilə başlayıb. Açılışda iştirak edən qonaqlara təşəkkür olunub, layihənin təşkilində göstərilən dəstəyə görə Şəmkir Gənclər Evinə və Çaparlı kənd məktəbinə xüsusi minnətdarlıq ifadə edilib. Açılış mərasimində iştirak edən qonaqlar təşəkkürnamələrlə təltif olunublar.

 Tədbirdə Çaparlı kənd məktəbinin direktoru Sona xanım, məktəbin müəllim heyəti və Şəmkir Gənclər Evinin əməkdaşı Rauf bəy çıxış edərək layihənin əhəmiyyətindən bəhs edib və iştirakçılara uğurlar arzulayıblar. Daha sonra layihə rəhbəri tərəfindən layihənin məqsədi və əsas fəaliyyət istiqamətləri iştirakçılara təqdim olunub.

 Birinci gün çərçivəsində təşkil olunan debat yarışı gənclərin Konstitusiya mövzusunda biliklərini yoxlamaqla yanaşı, onların analitik düşünmə, fikir ifadə etmə və komandada işləmə bacarıqlarının inkişafına töhfə verib. Yarışın sonunda qalib komandaya medallar və kubok təqdim edilib.

 Layihənin ikinci günü peşəkar təlimçi Hüseym Xəlilov tərəfindən keçirilən təlim sessiyası ilə davam edib. Təlimdən sonra iştirakçılar üçün Heydər Əliyev Mərkəzinə infotur təşkil olunub. İnfotur zamanı gənclər Ulu Öndər Heydər Əliyevin zəngin irsi ilə yaxından tanış olublar.

 Layihənin sonunda bütün iştirakçılara sertifikatlar təqdim edilib, aktivliyi ilə fərqlənən gənclər isə təşəkkürnamələrlə mükafatlandırılıblar.

Xəbər portalı © Milli xəbər | Bütün hüquqlar qorunur! By Blogger Templates
Scroll To Top