Dekabrın 4-dən 18-dək keçirilən “Azərbaycan Könüllülük Həftəsi 2025” çərçivəsində Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Ədliyyə Nazirliyi və “ASAN xidmət”in tərəfdaşlığı ilə “Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu” baş tutub.
Dekabrın 4-də Bakı Konqres Mərkəzində “Azərbaycan Könüllülük Həftəsi 2025”in başlanması ilə əlaqədar mətbuat konfransı keçirilib. Konfransdan sonra baş tutan Forum 3500-ə yaxın Azərbaycan könüllüsünü bir araya gətirib və bu il “Konstitusiya və Suverenlik İli”nə həsr olunub. Beynəlxalq Könüllülər Günü ərəfəsində təşkil edilən tədbirin rəsmi açılış mərasimində Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Forum çərçivəsində müxtəlif könüllü təşkilatlarının sərgisi təşkil olunub. Dövlət rəsmiləri və könüllülər sərgi ilə tanış olaraq ölkədə könüllülük hərəkatının dinamik inkişafını əks etdirən layihələr barədə məlumat alıblar.
Forumda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov, Azərbaycan Respublikasının ədliyyə nazirinin müavini Toğrul Hüseynov, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və Azərbaycan Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev çıxış ediblər.
Tədbir zamanı 44 günlük Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr olunmuş videoçarx, eləcə də müxtəlif sahələr üzrə könüllülük fəaliyyətini əks etdirən videohesabatlar nümayiş etdirilib.
Forum çərçivəsində könüllülük fəaliyyətinin qiymətləndirilməsinə və gənclərin sosial məsuliyyətlərinin təşviqinə yönəlmiş önəmli addım olaraq 50-dən çox könüllü gənc 2025-ci il üzrə “İlin Könüllüsü” mükafatı ilə təltif olunub.
