Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə, 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində qalib olmuş “Süni İntellektlə Qarabağa Baxış” layihəsi uğurla həyata keçirilmişdir. Layihə “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin tərəfdaşlığı ilə icra olunmuş və açılış mərasimi 24 yanvar 2026-cı il tarixində Bakı şəhərində baş tutmuşdur.
Layihənin əsas məqsədi Bakı şəhərində yaşayan 18–29 yaş aralığında olan gənclərin süni intellekt texnologiyalarına marağının artırılması, onların rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi və Qarabağ ilə Şərqi Zəngəzura qayıdış mövzusunun müasir texnoloji yanaşma ilə ifadə olunmasına şərait yaradılması olmuşdur.
Layihə çərçivəsində iştirakçılar tərəfindən hazırlanmış yaradıcı və innovativ rəqəmsal işlər ictimaiyyətə təqdim edilmiş, yekunda layihə məhsullarından ibarət sərgi təşkil olunmuşdur. Tədbirin sonunda fəallığı və yaradıcılığı ilə seçilən iştirakçılar təltif edilmiş, onlara sertifikat və mükafatlar təqdim olunmuşdur.
“Süni İntellektlə Qarabağa Baxış” layihəsi gənclərin həm texnoloji potensialının üzə çıxarılmasına, həm də milli-mənəvi dəyərlərimizin rəqəmsal platformalarda təşviqinə töhfə vermişdir.
Layihənin həyata keçirilməsində dəstək göstərən bütün tərəfdaşlara və fəal iştirak edən gənclərə təşəkkür edirik.
